Sevgilisini öldürəcək kişini necə tanımalı?

Məişət zorakılığı Fotonun müəllifi Getty Images

2017-ci ildə dünya boyu 30000-dək qadın öz keçmiş partnyorları tərəfindən öldürülüb.

Britaniyalı kriminologiya eksperti deyir ki, partnyorlarını öldürən kişilər sanki "qətl cədvəlinə" uyğun hərəkət edirlər və həmin cədvəlin təhlili polisə partnyorlararası münasibətlər zəminində qətl hallarının qarşısını almağa kömək edə bilər.

Dr Jane Monckton Smith Britaniyada baş vermiş 372 qətl hadisəsini təhlil edərək onların oxşar cəhətlərini 8 mərhələyə bölüb.

Gloucestershire Universitetinin müəllimi hesab edir ki, partnyorunu öldürmək istəyən insanın niyyətini onun ikitərəfli münasibətlərdə nümayiş etdirdiyi rəftardan nəticə çıxararaq müəyyən etmək mümkündür.

Qurbanlardan birinin atasının sözlərinə görə, yeni araşdırmanın nəticələri "insan həyatını xilas etməyə" kömək edə bilər.

Dr Monckton Smith qeyd edib ki, partnyorları tərəfindən öldürülənlərin 80 faizi qadındır, qatillərin əksəriyyəti isə kişidir.

Araşdırmanı həyata keçirmək məqsədiylə o, partnyorları tərəfindən öldürülmüş qadınların əhvalatlarını, o cümlədən, bir neçə halda kişinin kişi partnyoru tərəfindən öldürülməsi kimi hadisələri də təhlil edib.

Az qala hər bir qətl hadisəsində ekspert aşağıda göstərilən səkkiz mərhələnin əlamətlərinin olduğunu qeyd edir:

· Münasibətlər yaranmazdan əvvəl qətl törətmək potensialı olan partnyorun qarşı tərəfi təqib etmə tarixçəsi.

· Eşq münasibətlərinin sürətlə inkişaf edərək daha ciddi münasibətlərə keçməsi.

· Münasibətlərin zorakı nəzarət şəraitində inkişaf etdməsi.

· Qətl törədə biləcək partnyorun nəzarətinə təhlükə yaradan amil - misal üçün, münasibətlərin sona yetməsi və ya potensial qatilin maliyyə çətinlikləriylə üzləşməsi.

· Eskalasiya- partnyorun nəzarət taktikasının intensivləşməsi, təqibin güclənməsi, intiharla hədələmə.

· Partnyorun düşüncə tərzində dəyişiklik - qisasalma və ya qətl barədə qərar verməsi.

· Planlaşdırma- potensial qatil silah ala bilər və ya qurbanı ilə təklikdə görüşmək imkanı axtara bilər.

· Qətl- kişi partnyorunu öldürür və ehtimal ki, qurbanın uşaqları kimi digər adamlara da xəsarət yetirə bilər.

"Biz cinayəti həmişə ehtirasın təsiri altında, qəfildən baş verən hadisə kimi izah etməyə çalışırıq, lakin bu, belə deyil, - Dr Monckton Smith BBC-yə deyib. - Əgər bütün belə hallar təhlil edilsə, qətl törədilənədək planlaşdırma, niyyət və zorakı nəzarət halları gözə dəyir".

Fotonun müəllifi Family photo
Image caption Alice Ruggles 2016-cı ildə keçmiş sevgilisi tərəfindən öldürülüb.

2016-cı ildə öldürülmüş 24 yaşlı Alice Ruggles-in atası bu araşdırmanın nəticələriylə bağlı deyib ki, polisin Dr Monckton Smith-in müəyyən etdiyi səkkiz mərhələli model barədə xəbəri olsaydı, onda bəlkə də onun mərhum qızının taleyi və hadisələrin inkişafı da fərqli ola bilərdi.

Alice Ruggles onun keçmiş sevgilisi tərəfindən təqib olunub, onların münasibətləri kəsiləndən sonra isə eks-partnyoru onu 2016-cı ilin oktyabrında öldürüb.

"O [qızının kemiş sevgilisi], qətldən əvvəl qızımı təqib edib, nəzarəti altında saxlayıb - bütün bunlar isə aparılmış araşdırmada qeyd olunmuş mərhələlərə uyğun gəlir", - Alice Ruggles-ın atası Clive Ruggles deyib

"[Polisin] bu səkkiz mərhələ barədə məlumatı olsaydı, onlar onun qətl törətmək niyyətini müəyyən edə bilərdi, - ata qeyd edib, - Biz hesab edirik ki, bu tədqiqatın nəticələrindən istifadə olunsa, insanlar qeyd olunan mərhələlərdən xəbərdar olsalar və onlara uyğun hərəkət etsələr, bu, vəziyyəti yaxşılaşdıra bilər, insanları ölümdən xilas etmək mümkün olar".

Fotonun müəllifi Jane Monckton Smith
Image caption Dr Monckton Smith hesab edir ki, "qətl cədvəli" sxemi qətl hallarının qarşısını ala bilər.

Dr Monckton Smith keçirdiyi araşdırmanın nəticələriylə Britaniyada hüquqşünasları, vəkilləri, psixoloqları, polis qüvvələrini tanış edib.

Onun tədqiqatı Qadınlara Qarşı Zorakılıq jurnalında da dərc olunub.

Ekspertin sözlərinə görə, Britaniya polisi yeni tədqiqatın nəticələrini maraqla qarşılayıb, çünki aparılmış araşdırma əsasında çıxarılan nəticələr polis əməkdaşlarının iş təcrübəsi əsasında gəldikləri nəticələrlə üst-üstə düşür və partnyorlar arasındakı xaotik münasibətlərin inkişafında bir qanunauyğunluq görməyə imkan verir.

Dr Monckton Smith deyib ki, polis səkkiz mərhələli cədvəllə tanış olandan sonra, potensial qatilləri nəzarət altında saxlamaq imkanı əldə edəcək, qurbanlar isə yaşadıqları durumu polisə daha aydın izah edə biləcəklər.

O, eləcə də bu sahədə araşdırmaların davam etdirilməsinə ehtiyac duyulduğunu qeyd edib.

Ekspertin qənaətincə, zorakı nəzarət altında olan potensial qurbanların həmin vəziyyətdən təhlükəsiz çıxa bilməsi və insanlarda intim münasibətlərə nəzarət etmək meylinin yaranması səbəbləri daha yaxşı öyrənilməlidir.

Bu barədə daha geniş