Geriyə baxış-Azərbaycan Xalq Cəbhəsi 30: İsa Qəmbər: "Birinci İdarə Heyətində qütb mövqe tutanlar faktiki kənarda qaldılar"

İsa Qəmbər Fotonun müəllifi Pacific Press

1987-88-ci illərdə Azərbaycanda başlamış xalq hərəkatının nəticəsində Azərbaycan Xalq Cəbhəsi yaradıldı.

1989-cu ildə təsis edilən və xalq arasında AXC kimi tanınan qurum həmin dövrün ziyalılarını, ictimai fəallarını birləşdirirdi.

AXC-nin ilk rəhbəri Əbülfəz Elçibəy olub.

Həmin vaxt sovet Azərbaycanın rəhbərliyi də AXC ilə hesablaşmağa məcbur qalmışdı.

1992-ci ildə AXC prezident seçkisinə qatılmış və hakimiyyətə gəlməyi bacarmışdı. Amma AXC hakimiyyətinin ömrü uzun çəkməmiş, 1993-cü ildə baş vermiş Gəncə hadisələri nəticəsində keçmiş Azərbaycan SSR-nın birinci katibi olmuş Heydər Əliyev hakimiyyətə gəlmişdi.

AXC 1995-ci ildə siyasi partiyaya çevrildi, bəzi AXC-cilər isə hərəkatdan ayrılaraq öz siyasi partiyalarını qurdular.

Fotonun müəllifi Azertag

30 il əvvəl Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı xeyir-şər məclisi üçün yerdə yaradılıb, təşkilatın qurucularından biri, keçmiş Ali Sovetin sədri İsa Qəmbər deyir.

O, BBC News Azərbaycancaya müsahibəsində 30 il geriyə qayıdıb, sovet Azərbaycanında müstəqil bir təşkilatı necə yaratdıqlarından və ölkədəki ictimai-siyasi hadisələrdən danışır.

- İsa bəy, Azərbaycan Xalq Cəbhəsi deyəndə o dövrü xatırlayanların bəlkə bir çoxunun gözü önünə havada düyünlənən yumruqlar, "Koroğlu" üvertürası, mitinqlər, etirazlar gəlir, ya da AXC-də müxtəlif baxışa sahib insanların birləşməsi, mücadiləsi, mübarizəsi... Siz nələri yada salırsınız? Sizin gözünüzün qabağında nələr canlanır?

- Mən Xalq Cəbhəsi haqqında saatlarla danışa bilərəm. Amma mənim üçün ən önəmli məqamı soruşursunuzsa, bir daha əmin oldum ki, mənim xalqım, millətim hər şeyə qadirdir, güclü, savadlı, ən çağdaş dəyərlərə uyğun şəkildə ortaya mövqe qoymağa, dövlət qurmağa, müstəqilliyə nail olmağa qadirdir. Mən buna gənclik yaşlarımdan inanmışam, hərəkat başlayanda, Xalq Cəbhəsi qurulanda, Xalq Cəbhəsinin mitinqləri yüzminləri bir araya gətirəndə bu inamımın gerçək olduğunu görüb fəxr etmişəm, qürur duymuşam.

- İyulda AXC-nin təsis konfransı keçirildi, oktyabrda isə artıq təşkilat qeydiyyatdan keçdi. Nəzərə alsaq ki, hələ sovetlər dağılmamışdı, ölkədə siyasi təşkilatlar yox idi, yəqin müəyyən maneələr də vardı, necə bacardınız bunu?

- Bu, bütün SSRİ-də, bir qədər sonra bütün Şərqi Avropada gedən bir prosesin tərkib hissəsi idi. SSRİ-də 1985-ci ilin ortalarında yenidənqurma - "perestroyka" prosesi başlamışdı və tədricən o zamankı imperiya ərazisinə yayılırdı. Eyni zamanda elə sadə, asan proses də deyildi. Biz həmin təsis konfransının keçirilməsinə böyük çətinliklə nail olduq. Hakimiyyət hər vəchlə bunun qarşısını almağa çalışırdı. Biz konfransı gizli şəraitdə təşkil etdik. Hakimiyyətin prosesləri diqqətlə izlədiyini bildiyimizdən söhbət yaydıq ki, konfrans Bakı kəndlərindən birində bağ evində keçiriləcək. Hamıya dedik ki, səhər filanda Əzizbəyov metrostansiyasının yanında toplaşın. Amma sonradan adamları bir-bir məlumatlandırdıq. Tədbir 8-ci mikrorayon tərəfdə keçirildi. O yeri rəhmətlik Ağamalı Sadiq Əfəndi tapmışdı, xeyir-şər məclisi üçün nəzərdə tutulmuşdu. Adamları bir-bir ora yönəltməyə başladıq. AXC-nin təsis konfransı başlayandan bir-iki saat sonra hakimiyyət başa düşdü ki, tədbir Bakı kəndlərindən birində yox, 8-ci mikrorayondadır. Kommunist rəhbərlər və o zamankı milis konfransın qabağını almağa çalışdılar. Amma bizim əzmimiz, orda ağsaqqal ziyalıların - İsmayıl Şıxlı, Yusif Səmədoğlu və başqalarının olması hakimiyyətin zorakılıq cəhdinin qarşısını aldı. Bu təşkilat uzun bir mübarizə nəticəsində ortaya çıxmışdı, uzun prosesdən sonra yaranmışdı, bir ayın, bir həftənin içində yaranmamışdı. Ən maraqlı cəhətlərdən biri bilirsiniz nə idi? Hakimiyyət AXC-nin qeydiyyatla bağlı müraciətini nəzərə almaq məcburiyyətində qalanda bəlli oldu ki, SSRİ-də Kommunist Partiyasından başqa təşkilatların qeydə alınması praktikası yoxdur.

- Bəs problem necə həll olundu?

- Nazirlər Kabineti Xalq Cəbhəsini 1932-ci ildə qəbul olunmuş qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı bir qanuna əsasən qeydə almalı oldu. Yəni 1932-ci ildə SSRİ-də bir qanun qəbul etmişdilər. Ondan sonra o dəyişməmişdi. Heç yada da düşməmişdi. Həmin dövrdən sonra faktiki qeyri-hökumət təşkilatı qurulmamışdı. Qəribə situasiya idi.

- Dediniz ki, İsmayıl Şıxlı, Yusif Səmədoğlu yarıgizli keçirilən təsis konfransını dağıtmağa gələn milisin qarşısına çıxdılar. Onlar cəmiyyətdə nüfuzlu şəxslər idi, sözləri keçərli idi. Amma milisin öz davranışı bu prosesdə necəydi?

- O zamankı milis hər halda Azərbaycan cəmiyyəti üçün yad ünsür deyildi. Eyni zamanda hamı başa düşürdü ki, Xalq Cəbhəsinin yaranmasının bir səbəbi müstəqillik, demokratiya uğrunda mübarizədirsə, əsas məsələ xalqın daha çox maraqlandığı Qarabağ münaqişəsi idi. İnsanlar Xalq Cəbhəsini Qarabağ məsələsində xalqın topalanması, təşkilatlanması üçün vacib məsələ kimi qəbul edirdilər. Milis də bu məsələyə normal yanaşırdı. Ona görə milisə əmr verilənə qədər Xalq Cəbhəsinə qarşı zorakılıq göstərməyə meyilli deyildi. Bir maraqlı epizod da deyim. Bu tədbirin qarşısını almağa Kommunist Partiyasının rəhbərliyindən də gəlmişdilər. Onlarla bizim maraqlı söhbətlərimiz oldu. Onlardan biri, ən yüksək vəzifəlisi dedi ki, Xalq Cəbhəsini yaratmayın, bu, Baltik ölkələrinin yaratdığı bir şeydir, bunun Azərbaycan xalqına, mentalitetinə dəxli yoxdur. Kommunist Partiyasının lideri xanım idi. Ondan soruşdum ki, siz yağış yağanda çətirdən istifadə edirsiniz? Cavab verdi ki, əlbəttə. Dedim ki, eşitdiyimə görə çətir ilk dəfə Çində yaradılıb, bu, Azərbaycan xalqının yaratdığı bir şey olmadığına görə ondan istifadə etməyin. Bu söhbətdən sonra həmin xanım dönüb getdi, maneələrə son qoyuldu. Milis də, hakimiyyətdəki orta təbəqə də Xalq Cəbhəsinə kifayət qədər loyal yanaşırdı.

Fotonun müəllifi VT Freeze Frame
Image caption AXC-nin ilk rəhbəri Əbülfəz Elçibəy olub.

- Təsis konfransında Əbülfəz Elçibəy sədr seçildi. Sədrliyə sizin namizədliyiniz verilsə də, imtina etmisiniz. Niyə sədr olmaq istəmədiniz?

- Təşkilatın sədrliyinə üç namizəd irəli sürülmüşdü. Biz Əbülfəz Elçibəyin namizədliyini verdik. Konfrans iştirakçılarından biri mənim, başqa biri Yusif Səmədoğlunun namizədliyini irəli sürdü. Mən anında namizədliyimi geri götürdüm. Bildirdim ki, Əbülfəz Elçibəyin seçilməsinin tərəfdarıyam. Yusif bəy də əslinə qalsa imtina etmək istəyirdi. Amma ona konfransda bir qrup tərəfindən müəyyən təzyiqlər oldu. Nəticədə Əbülfəz Elçibəy çox böyük səs üstünlüyü ilə seçildi və hesab edirəm ki, düzgün qərar oldu.

- Yusif Səmədoğluna təzyiq edən hansı qrup idi?

- Həmin adamlar bəllidirlər.Yusif Səmədoğlundan faktiki istifadə etmək istəyirdilər. Onlar Əbülfəz bəyin namizədliyinin qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Axırıncı variant kimi də Yusif Səmədoğlunun namizədliyini irəli sürmək ideyasını ortaya atdılar. Bunu edənlər Zərdüşt Əlizadə və Leyla Yunus idi. Mən Yusif Səmədoğlunu çox sevmişəm, yazıçı kimi də, ziyalı kimi də, vətənini, xalqını sevən biri kimi də çox yüksək dəyərləndirmişəm, çox yaxşı da münasibətlərimiz olub. Sadəcə Yusif bəydə hərəkat lideri, hərəkata rəhbərlik edəcək siyasətçi xarakteri yox idi. Yusif bəy çox zövqlü, incə düşünən intellektual idi. Onun rəhbərliyinə üstünlük verilsəydi, sizi inadırıram ki, böyük bir xalq hərəkatı formalaşmayacaqdı. Ziyalıların intellektual bir klubu formalaşa bilərdi, kiçik təşkilat formalaşa bilərdi, yəni daha çox ziyalı birliyi olardı, ziyalı müzakirələri gedərdi. Bizimsə məqsədimiz klub yaratmaq deyildi. Məqsədimiz Xalq Cəbhəsini qurub Azərbycan xalqını təşkilatlandırmaq, müstəqillik və ərazi bütövlüyü uğrunda hərəkata yönəltmək idi. Ona görə də bizə Əbülfəz Elçibəy kimi fiqur lazım idi, lider lazım idi. Bu səbəbdən də o, böyük üstünlüklə seçildi.

- Sizcə, Xalq Cəbhəsi məhz Elçibəyin sayəsində təşkilatlanaraq hədəflərinə doğru irəlilədi, yoxsa bu o dövrün ab-havası, ölkədə gedən proseslərlə bağlı idi?

- Hər şeyin təsiri var. Biz hərəkat lideri kimi Elçibəyi görüb ona üstünlük verdik, əksəriyyət də bu seçimi dəstəklədilər. Əbülfəz bəy də bizim inamımızı doğrultdu və böyük bir təşkilatın formalaşmasına yönəlmiş fəaliyyət göstərdi. O baxımdan hesab edirəm ki, düzgün qərar idi. Dövrün də təbii təsiri vardı. Bunlar bir-birini tamamlayırdı. Hər hansı situasiyada uğur qazanmaq üçün zəmin də olmalıdır, o zəminə uyğun düzgün qərarlar da. Biz məqsədimizə nail olduq, AXC qısa müddətdə bütün xalqın etimad mərkəzi oldu və xalq hərəkatının inkişafına təkan verdi. Bu xalq hərəkatı da Azərbaycanın müstəqilliyini bərqərar etdi. Təbii ki, bu, təkcə Azərbaycan xalqının və Xalq Cəbhəsinin fəaliyyətinin nəticəsi deyildi. Həm də dünyada, SSRİ-də gedən proseslərin nəticəsi idi. Amma həmin prosesdə - SSRİ-nin dağılmasında, müstəqilliyin qazanılmasında Azərbaycan xalqının fövqəladə iştirakı olub və Xalq Cəbhəsinin də fövqəladə, önəmli rəhbərliyi olub.

- Yeri gəlmişkən, son günlər Əbülfəz Elçibəyin ünvanına bəzi ittihamlar səsləndi, "KQB agenti" olmaqda, hansısa dairələrə bağlı olmaqda suçladılar. Siz bu suçlamalar haqda nəsə demək istəyirsinizmi?

- Bunlar o qədər mənasız söhbətlərdir. Təəssüf edirəm ki, kimlərsə bu mövzunu qaldırırlar və kimlərsə onu aktuallaşdırırlar. Yəni absurdun absurdudur. Əbülfəz Elçibəy Azərbaycanda xalq hərəkatına rəhbərlik edib. Azərbaycanın müstəqil dövlət kimi formalaşması, demokratiyanın inkişafı üçün möhtəşəm addımlar atan şəxsiyyətdir. Rus ordusunun Azərbaycandan çıxarılmasını götürək. "KQB agenti" rus ordusunu Azərbaycandan çıxarası idi? "KQB agenti" Azərbaycanda demokratiyanın, siyasi-iqtisadi azadlıqların bərqərar olmasına yönəlik addımlar atardı? "KQB agenti" mətbuatın formalaşması üçün gərəkən addımlar atardı? Yəni bunlar o qədər mənasız ittihamlardır, heç bir tənqidə dözmür. Ona görə də bu cür mübahisələri tamam yersiz sayıram. Bu mövqeni qərəzli hesab edirəm. Bəli, Əbülfəz Elçibəy də insan idi, onun da insan kimi yanlışları ola bilərdi, bu yanlışları tənqid etmək də olar, bu, normaldır. Heç kim büt deyil. Biz Rəsulzadəni də bütə çevirmək fikrində deyilik, o da tənqiddən kənarda qalmamalıdır. Ancaq bu böyük şəxsiyyətlər, Azərbaycan tarixində həlledici mövqe tutmuş, işlər görmüş adamlar haqqında çıxışlarda bir qədər məsuliyyətli davranmalıyıq. Tənqid də fakta əsasalanmalıdır. Leyla Yunus Elçibəyin agent olduğunu deyir və bunu əsaslandırmaq üçün Heydər Əliyevin çıxışına istinad edir. Sən onu Heydər Əliyevin çıxışı ilə dəyərləndirəcəksən? Bu qədər absurd davranmaq olmaz. Çox ziyanlı söhbətdir. Eyni zamanda əminəm ki, bu söhbətlər Əbülfəz Elçibəyin yox, bu söhbəti edənlərin kimliyini açır, onlara ictimai qiymət verməyə zəmin yaradır. Özünü tarixçi adlandıranlar bir az məsuliyyətli davranmalıdırlar.

- AXC-nin birinci İdarə Heyətinin 15 üzvü vardı və orda Zərdüşt Əlizadə, Hikmət Hacızadə, Nemət Pənahlı, Etibar Məmmədov, Rəhim Qazıyev kimi bir-birinin ziddi olan, hərəkatla bağlı çox fərqli baxışlara sahib adamlar təmsil olunurdu. Yəqin bu da təşkilat daxilində fikir ayrılıqlarına, mübahisələrə, dartışmalara, gərginliklərə yol açırdı.

- Fərqli insanlar idik, fərqli yanaşmalar var idi, fərqli ideologiyalar, fərqli təcrübələr var idi. Təbii ki, ciddi müzakirələr gedirdi, bəzən çox sərtləşirdi. Elə onun nəticəsiydi ki, birinci İdarə Heyətində qütb mövqe tutanlar faktiki kənarda qaldılar. Onları biz kənarlaşdırmadıq, özləri çəkildilər. Bir tərəfdən Nemət Pənahlı İdarə Heyətinə seçilmədi, digər tərəfdən Zərdüşt Əlizadə ilə Leyla Yunus. İkinci İdarə Heyətində birinci İdarə Heyətindəki çoxluq üstün gəldi. Eyni zamanda yeni-yeni adamlar, özlərini sübut etmiş hərəkatçılar, azadlıq ideyasına, Qarabağ məsələsinə məsuliyyətli yanaşan ziyalılar, məsələn, Dilarə Əliyeva ikinci İdarə Heyətinə seçildilər. Yəni ifrat mövqedə olan şəxslər uzaqlaşdılar. Amma təbii ki, ikinci İdarə Heyəti də eyni cür düşünən insanlardan ibarət deyildi, fərqli düşünənlər var idi. Bu da normaldır. Xalq Cəbhəsi kimi möhtəşəm, fenomen bir hərəkat tam eyni cür insanlardan ibarət ola bilməzdi. Müxtəlif cür düşünən insanların bir araya gəlməsi zərurəti Xalq Cəbhəsini yaratmağı şərtləndirmişdi.

- Daha çox hansı mövzularda toqquşurdu fikirləriniz, nəyə görə mübahisələriniz düşürdü?

- Müxtəlif mövzularda. Məsələn, hərəkat yalnız milli azadlıq hərəkatı olsun, yoxsa demokratiya hərəkatı? Biz hesab edirdik ki, milli azadlıq hərəkatı demokartik üsulla aparılmalıdır ki, mümkün qədər daha az itkiylə daha böyük uğurlar əldə edək. Biz hesab edirdik ki, Azərbaycanda hərəkat SSRİ-də və dünyada gedən prosesləri nəzərə almalıdır ki, lazım oluğundan qabağa çıxıb sovet imperiyasının zərbələri altına düşməsin, ya da çox geridə qalmamalıdır ki, itkilər verilməsin. Bu, bizim yanaşmamız idi. Amma kimsə hesab edirdi ki, daha sürətli və qətiyyətli hərəkətlər olmalıdır. Məsələn, 20 yanvar hadisələri ərəfəsində gedən müzakirələr elə bu mövzuda idi. Biz təklif edirdik ki, Xalq Cəbhəsi böyük güc, nüfuz toplayıb və 1990-cı ilin martında parlamentə keçiriləcək seçkilərdə iştirak edib çoxluğa nəzarət etməlidir. O zaman artıq Azərbaycanın müstəqilliyi, demokratiyanın inkişafı, Azərbaycan torpaqlarının, Qarabağın müdafiəsi, ordu yaradılması və sairə ilə bağlı artıq parlament səviyyəsində qərarlar qəbul edə biləcəyik. Artıq buna can atmalıyıq. Ancaq müəyyən hissə də hesab edirdi ki, azadlıq uğrunda mübarizə ən sərt addımlarla davam etməlidir, biz həm də qəddar bir rejimlə üz-üzə idik. Həmin qəddar rejim 20 yanvar faciəsini törətdi, Azərbaycan xalqını təxminən ilyarım geri atdı. Qarabağ məsələsi olmasaydı, ilyarımı sadəcə zaman baxımından itirərdik.

- Azərbaycan ilyarımda nədə, kimdən geri qaldı ki?

- Tutalım, biz ilyarım Baltik ölkələrindən geri qaldıq. İlyarımda Ermənistanda milli qüvvələr hakimiyyətə gəldi, Qarabağı ələ keçirmək məqsədilə ordu yaratmaq, hərbi əməliyyatlar həyata keçirmək baxımından üstünlük əldə etdilər və zaman Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini xeyli zəiflətdi. Bu, Moskvanın 20 yanvar cinayətinin Azərbaycana vurduğu çoxsaylı ziyanlardan biri idi.

- Uzun illər Xalq Cəbhəsi məhz o günlərdə radikal mövqeyinə görə tənqid olunub, 20 yanvar hadisələrinə görə günahkar sayılıb. Sizcə, bu tənqidlər nə qədər əsaslıdır?

- Biz istəyirdik ki, AXC-nin potensialını bir araya gətirək, parlamentdə çoxluq əldə edək və köklü problemlərin həllinə başlayaq. Amma daha radikal mübarizə tərəfdarları da varıydı. 20 yanvar cinayətini törədən SSRİ rəhbərliyi üçün bu bəhanə oldu. Cəbhədaxili, hərəkatdaxili qüvvələrin səhvindən danışarkən biz onları cinayət iştirakçısı kimi görmürük, onların sadəcə siyasi səhv etdiklərini hesab edirik. Amma Moskva bu səhvlərdən öz məqsədləri üçün istifadə etdi və 20 yanvar gerçəkləşdi. Əgər bizim xətt qəbul olunsaydı, yersiz addımlara yox, seçkilərə hazırlıq xətti seçilsəydi, Moskvanın Azərbaycana zərbə vurmaq imkanları məhdudlaşacaqdı.

- Bəs ŞADP - Şimali Azərbaycan Demokrat Partiyası hansı zərurətdən yarandı? Cəbhədaxili fikir ayrılıqlarına görə yeni partiya yaratdınız?

- Artıq Xalq Cəbhəsində müxtəlif ideologiyaların üzə çıxması prosesi gedirdi və xeyli qüvvə də vardı ki, bizim xətti - milli demokratik xəttin inkişafını istəyirdi. ŞADP-nin yaranması... Daha doğrusu biz onu yaratmadıq, sadəcə, bəyan etdik, bəzi hazırlıq işləri gördük. Bu partiyanın bəyan edilməsinin bir səbəbi bu idi. İkinci səbəb də vardı, çoxu bunu görmək istəmir. O zaman müəyyən şəxslər AXC rəhbərliyindən kənarda qaldıqda Sosial Demokrat Partiyası yaratdılar. AXC-dəki ziyalı kəsimi də ora cəlb etməyə başladılar, guya Xalq Cəbhəsi qaragüruhdan ibarətdir. Bu təbliğat da müəyyən dərəcədə yeriyirdi. Biz ŞADP-ni yaratmaqla xalq hərəkatındakı ziyalı təbəqəsini, demokratik düşüncəli insanları bir araya gətirdik ki, bir yerdə olacağıq, ancaq AXC üzvü kimi də fəaliyyətimizi davam etdirəcəyik. Bu yolla ziyalıların Xalq Cəbhəsindən kənarlaşdırılması prosesinin qarşısını aldıq. Bu barədə Əbülfəz bəylə mənim söhbətlərim olmuşdu. O söhbətlərdə bütün bu arqumentlər hərtərəfli dəyərləndirilmişdi.

- Yəni Əbülfəz Elçibəy sizin partiya yaratmağınızı normal qarşılamışdı?

- Əvvəlcə onda da suallar vardı ki, nə məqsədlə yaradılır. Söhbətdən sonra tam dəstək verdi. Yeri gəlmişkən, burda bir məqamı da qeyd etmək istəyirəm. Bu mövzunu zaman-zaman gərginləşdirmək istəyənlər olur. Əsas irad budur ki, partiyanın yaradılması ilə parçalanma aparılırdı filan. Amma orda iki önəmli məqamı vurğulamaq lazımdır. Birincisi, Əbülfəz Elçibəyin hərəkat dövründəki, yəni hakimiyyətə gəldiyimiz günlərə qədərki dövrdə bütün çıxışlarına, müsahibələrinə, yazılarına baxın. Demək olar, bütün çıxışlarında plüralizmin, partiyalaşmanın nə qədər önəmli olduğunu vurğulayırdı, o, çıxışlarında qeyd edirdi ki, partiyalar yaranacaq və onlar Azərbaycan Xalq Cəbhəsində bir yerdə fəaliyyət göstərəcəklər. Bəzən deyirlər ki, guya o, partiyalaşmanın əleyhinə imiş. Əbülfəz Elçibəyin 1989-cu il sentyabrın 15-də Ali Sovetdə etdiyi çıxışına kimin həvəsi varsa baxsın. Orda ilk dəfə Xalq Cəbhəsi rəhbərliyini Ali Sovetə dəvət etmişdilər. Əvvəlcə mən çıxış etdim, AXC-nin mövqeyini təqdim etdim. Sonradan Əbülfəz bəyin möhtəşəm çıxışı oldu, demokratiyadan, siyasi plüralizmdən maraqlı tezislər səsləndirdi. Bunu bilməyənlər bilsinlər. Digər tərəfdən də müxtəlif partiyaların ortaya gəlməsi ilə bağlı fərqli fikirlər söylənilə bilər. Ancaq Müsavat Partiyası bu sırada da açıq-aydın fərqlənən bir dəyərdir. Müsavat sıradan partiya deyildi, yenidən azadlığı uğrunda mübarizəyə qalxan xalqın tarixi irsinə sahib çıxması idi. 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndən sonra müsavatçılar repressiyalara məruz qalmış, on minlərlə müsavatçı məhv edilmişdi. 1937-ci ilə qədər Müsavatın gizli müqavimət hərəkatı davam etmişdi, amma repressiyalar pik həddə çatandan sonra müsavatçıların xaricdə fəaliyyəti daha önəmli hala gəldi. Onlar orda Milli Mərkəz, Azərbaycan Kültür Dərnəyi yaratmışdılar. Onların müraciəti ilə Müsavatın fəaliyyətini Azərbaycanda bərqərar etməsi gündəmə gəldi. Bu da Əbülfəz Elçibəylə ciddi müzakirələrdən sonra qəbul edildi və gerçəkləşdirildi. Bu iki məqama diqqət yetirilməlidir. Diqqət yetirmirlərsə, canları sağ olsun.

Fotonun müəllifi VITALY ARMAND/AFP/Getty Images
Image caption 1989-cu il 9 sentyabr. Təxminən yarım milyon azərbaycanlı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə etiraz etmək üçün ümumi tətilə çağırır.

- Dediniz ki, Əbülfəz Elçibəy çoxsaylı partiyaların yaranaraq AXC daxilində birgə fəaliyyət göstərəcəyini söyləyirdi. Ancaq zaman əksini göstərdi. Partiyalaşma getdi və Xalq Cəbhəsindən uzaqlaşma meyilləri başladı.

- Biz hakimiyyətə gəldik. Əbülfəz bəyin söylədikləri hakimiyyətə gəlməzdən öncəki dönəmdə idi. Hakimiyyətə gəldikdən sonra da bu mövzular davam etdirildi və Müsavatın o vaxtkı Respublika sarayında keçirilən bərpa qurultayında Əbülfəz bəy də çıxış etdi. O dövrdə bu mövqe davam edirdi. Ancaq sualınıza cavab olaraq bir məqamı qeyd etmək istəyirəm. Bəli, partiyalaşma gedib, ancaq onların çoxu AXC üzvü kimi qalmağa üstünlük verib. Müsavat Partiyası da AXC-nin üzvü kimi fəaliyyətini davam etdirirdi. Biz AXC-dən çıxmaq haqda qərar verməmişik. 1992-ci ilin sonu, 1993-cü ilin əvvəlində Xalq Cəbhəsinin qurultayında qərar qəbul olunub ki, kollektiv üzvlük ola bilməz. Sonrakı mərhələdə isə AXC partiyaya çevrilmək qərarı qəbul etdi. 1995-ci ildə AXC-nin birinci mərhələsi yekunlaşdı və partiyalaşma mərhələsi başladı.

- Hərdən belə fikrilər səslənir ki, partiyalaşma getməsəydi, həmin güclər Xalq Cəbhəsində qalsaydı sonrakı proseslərdə müqavimət göstərmək imkanı daha çox olardı, siyasi mühit də fərqli olardı. Siz prosesləri təhlil edəndə hansı qənaətə gəlirsiniz?

- Bunlar nəzəri fikirlərdir. Tarix bir variantda gerçəkləşir. Haqqında danışılan digər variantlar ehtimallardır, fərziyyələrdir, onların müsbət və ya mənfi nəticə verəcəyini demək çətindir.

- Tarix bizə həm də səhvlərdən nəticə çıxarmağı öyrədir.

- Səhv olan yerdə təbii ki, nəticə çıxarılacaq. Mən hesab edirəm ki, Azərbaycan Xalq Cəbhəsinin qurulması zəruri addım idi, o addımı biz atmışıq, Müsavat Partiyasının yaradılması da zəruri addım idi, o addımı da biz atmışıq. Mən bunları səhv hesab etmirəm ki, nəticə də çıxarım.

- İsa bəy, niyə Azərbaycan yox, Şimali Azərbaycan? Hələ Azərbaycan müstəqilliyini elan etməmişdi, amma siz Şimali Azərbaycan Demokrat Partiyası adını götürmüşdünüz. Niyə?

- Silahdaşlarımızın, hərəkatçıların çoxu ərazi bütövlüyü, müstəqillik, demokratiya ilə yanaşı bütöv Azərbaycan mövzusunu da önəmli sayıb. Şimali Azərbaycan sözlərinin seçilməsi də bununla bağlı idi, bizim o zamankı hədəfimiz bütöv Azərbaycan idi. O hədəflərin müəyyənləşməsində Əbülfəz bəyin xidmətini heç kimlə müqayisə etmək olmaz. Hədəflər var, bu gec olacaq, tez olacaq başqa mövzudur. Millətin hədəfləri olmalıdır və onlar da müəyyənləşib artıq.

- Cəbhəçilərin məşhur bir hərəkəti vardı, yumruqlarını havaya qaldırardılar. Bu, kimin ideyası idi?

- "Koroğlu" üvertürasının sədaları altında düyünlənmiş yumruqların göyə qalxması o qədər təbii idi ki... Bunu biz musiqi sədası altında avtomatik etməyə başlayırdıq, içimizdən gəlirdi. Amma, eyni zamanda yumruqların göyə qaldırılması mübarizəyə, fədakarlığa hazır olmaq rəmzidir, mübarizəyə, fədakarlığa çağırışdır.

- Həmin yumruqlar endi ya hələ qalxacaq? Ya da belə deyək: missiya bitdi ya davam edir?

- Mübarizə davam edir. Hədəflərin bəzisinə çatmışıq, Azərbaycan müstəqil dövlətdir, ancaq ərazi bütövlüyünü bərpa edə bilməmişik, demokratiya bərqərar edilməyib. Hədəflər uğrunda demorkartik mübarizə davam edəcək və inanıram ki, bu hədəflərə də xalqımız çatacaq. Xalqımız bu uğurlara layiq və qadirdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş